İnsan yaşlaşdıqca beyin zəifləyirmi?
ABŞ-ın Maunt Sinay Tibb Məktəbinin əməkdaşları müəyyən ediblər ki, insan beyninin bəzi xüsusiyyətləri yaş ötdükcə daha da təkmilləşir. İndiyə qədər belə hesab olunurdu ki, əqli qabiliyyətlər insan 20 yaşında olarkən öz zirvə nöqtəsinə çatır. Tədqiqatın nəticələri isə göstərdi ki, yaşlı insanlarda belə uzunmüddətli yaddaş nəinki zəifləmir, hətta danışıq qabiliyyəti, emosional intellekt və sosial vərdişlər daha üstün səviyyədə olur – Daily Telegraph-a istinadən “İzvestiya Nauki” xəbər verir.Qısamüddətli yaddaş, qazanılmış bacarıqlar və düşünmə qabiliyyətinə gəlincə isə, onlar zaman ötdükcə həqiqətən də zəifləyir.
Mütəxəssislərin kəşfi qocalma effektinin rezus-makaka meymunları üzərində öyrənilməsi nəticəsində edilib. Müəyyən olunub ki, yaşlı meymunlarda beyin yeni biliklərin mənimsənilməsinə görə cavabdeh olan qəbuledici neyronların (sinir hüceyrələri) təqribən yarısını itirir. Bununla belə uzunmüddətli yaddaşa cavabdeh neyronlar toxunulmaz qalır.
Xatırladaq ki, yaxın zamanlarda Kaliforniyanın San-Diyeqo Universitetinin mütəxəssisləri yaşla qazanılan müdrikliyin olması faktına sübutlar tapıblar. Belə ki, alimlər yaşı 60-100 arasında olan 3000 kaliforniyalının beynini skanlaşdırdıqdan sonra müəyyən ediblər ki, yaş ötdükcə insanlar həqiqətən də daha da müdrikləşirlər.
Alimlər bunu onunla izah edirlər ki, ahıl yaşına çatanda insanlar həzz sisteminə görə cavabdeh olan dopamin maddəsinin (bu maddə həm də sinir impulslarının ötürülməsinə görə cavabdehdir) təsiri azalır və nəticədə yaşlı insanlar daha az impulsiv olur və öz emosiyalarını daha yaxşı nəzarət edə bilirlər. Nəticədə isə gənclərə nisbətən daha düzgün qərarlar verirlər.
Bununla yanaşı, alimlər qeyd edirlər ki, yaşlıların beyni nisbətən daha zəif sürətlə işlədiyindən, onlar mənfi emosiya qıcıqlandırıcılarına qarşı daha az reaksiya göstərirlər.
Mütəxəssislərin daha bir kəşfi böyük maraq doğurur: skanlaşdırmanın nəticələri göstərib ki, insan beyni heç zaman böyümə qabiliyyətini itirmir, bu isə o deməkdir ki, yaşlı insanların yeni bilik və bacarıqlar əldə etməkdən kənar qalmaq üçün heç bir səbəbləri (və ya bəhanələri) yoxdur.
Həmçinin müəyyən olunub ki, ahıl yaşında yaddaşın itirilməsi ilə təhsil səviyyəsi arasında da qanunauyğunluq mövcuddur. Belə ki, tədqiqatların nəticələrinə görə təhsilli adamlar daha aşağı savad səviyyəsinə malik olanlara nisbətən yaddaşlarını daha gec itirirlər.
“Vokruq Sveta” jurnalında gedən daha bir məlumata görə isə İnternet yaşlı insanların zehninə qiraətlə müqayisədə daha güclü təsir göstərir. Belə ki, qiraət zamanı təcrübə iştirakçılarının hamısında beynin nitq, qiraət, yaddaş və görmə qabiliyyətlərinə görə cavabdeh olan nahiyələri aktivləşdiyi halda, internetdə axtarış zamanı həmin iştirakçıların həm də qərarların qəbulu və kompleks təfəkkürə görə cavabdeh olan beyin nahiyələri də aktivləşirdi. Eyni effekt insan krossvord və ya rebus həll edərkən müşahidə olunur.
Buna əsasən alimlər belə rəy çıxarıblar: fəal internet həyatı ahıl yaşlı insanlara zehnin itiliyini, yaddaş aydınlığını qorumağa imkan verir və əqli zəifliyin qarşısını almağa kömək göstərə bilər.
Qaynaq: Deyerler.org
Oxunma sayı: 82




