Qiymətləndirmə səviyyələri

Təhsil Nazirliyinin binası

Oxu, riyaziyyat və təbiət elmləri üzrə beynəlxalq qiymətləndirmə səviyyələri.
Oxu
1b səviyyə. Bu səviyyəyə cavab verən şagirdlər mövzu və forma baxımından tanış, sadə cümlələrdən ibarət qısa mətndən heç olmasa, tələb olunan bir informasiyanı tapmağa müvəffəq olur. Bu zaman verilmiş illüstra­si­yalar və təkrarlar şagirdə əlavə material kimi kömək edir. Mətn əsasında verilən suallarda fikir ziddiyyətli olmur, şərh etmək üçün bir-birinə yaxın cümlələrdəki məlumatlar əlaqələndirilir.

1a səviyyə. Bu səviyyəyə cavab verən şagirdlər sualda tələb olunan informasiyanı mətndə tapır, əsas məzmunu və müəllifin məqsədini müəyyənləşdirir, mətndəki informasiya ilə ümumi həyati bacarıqları əlaqələndirir. Suallar mətndə xüsusi nəzərəçarpan mə­lu­matlar əsasında tərtib edilir, suallara cavab vermək üçün mətndəki ifa­də­lərdən istifadə etmək mümkün olur.

2-ci səviyyə. Bu səviyyədəki tapşırıqlar şagirdlərdən nəticə çıxarmağı, mətndəki əsas fikri anlamağı, mətnin ayrı-ayrı hissələri arasında əlaqəni müəyyənləşdirməyi, məlu­mat­ları müqayisə etməyi və qarşılaşdırmağı, şərh etməyi tələb edir. Bu səviyyə cavab verən şagird mətni dərk etmək üçün təsvir edil­miş hadisələri şəxsi təcrübə və münasibətlərlə əlaqələndirir.

3-cü səviyyə. Şagirdlər mətnin müxtəlif şərtlər tələb edən ayrı-ayrı hissələri arasında əlaqə yaradır, əsas fikri tutmaq üçün hissələri əlaqələndirir və şərh edir. Mətnin ayrı-ayrı hissə­lərini müqayisə edir, qarşılaşdırır, səciyyələndirir, tanış olmayan uzun və mürək­kəb mətnləri müfəssəl şəkildə, dəqiq anladığını göstərir. Suallarda tələb olunan informasiya aydın verilmir və mətndə bəzi ziddiyyətli fikirlər olur, bəzən isə mətndəki məna ardıcıllığı gözlənilənlərin əksinə olur. Mətnin dərk edilməsi üçün şagirddən əlaqə­lən­dirmə, müqayisə etmə və izah etmə bacarıqları tələb edilir. Bəzi tapşırıqlar şa­gird­lərə tanış olan gündəlik həyati biliklərə, bəziləri isə o qədər də tanış olmayan biliklərə əsaslanır.

4-cü səviyyə. Şagirdlər xüsusi nəzərə çarpmayan informasiyanı taparaq əla­qələndirir. Bəzi tapşırıqlar şagirddən mətndəki tam məlumatı anlamaq üçün sətir­altı verilmiş mənanı başa düşməyi tələb edir. Şagird forma və məzmun baxı­mın­dan tanış olmayan uzun və mürəkkəb mətnləri müfəssəl və dəqiq şəkildə başa düş­düyünü nümayiş etdirir.

5-ci səviyyə. Şagirdlər mətndə xüsusi nəzərə çarpmayan informasiyanı tapdıqdan sonra onu digər oxşar məlumatlarla əlaqələndirir, mətnin dərk edilməsi üçün akade­mik biliklərdən istifadə edilir. Tapşırıqlar şagirdlərdən xüsusi biliklərdən istifadə etməklə mətnə aid fərziyyələr irəli sürməyi və mətni tənqidi dəyərləndirməyi tələb edir. Verilən suallar əsasında məzmun və forma baxımın­dan tanış olmayan mətndə ziddiyyətli anlayışlar tapılır və şərh edilir.

6-cı səviyyə. Şagird bütövlükdə mətni və onun ayrı-ayrı hissələrini dəqiq, ən xırda təfərrüatına qədər şərh edə bilir. Şagird bir neçə mətn arasındakı əlaqəni müfəssəl şəkildə anladığını nümayiş etdirir, ziddiyyətli məlumatın verildiyi tanış olmayan fikirlər üzərində işləyir və öz fikirlərini ifadə etmək üçün mücər­rəd anlayışlardan istifadə edir, məzmun və forma baxımından tanış olmayan mü­rək­kəb mətnə tənqidi qiymət verməyi bacarır, oxuduğu mətnə müxtəlif nöqteyi-nə­zərdən yanaşaraq fərziyyələr irəli sürür.

Təbiət elmləri
1-ci səviyyə. Şagirdlər məhdud elmi biliklərə malikdirlər və biliklərini yalnız bir necə situasiyada tətbiq etməyi bacarırlar, elmi izahı verilmiş fakta əsaslanaraq nümayiş etdirə bilirlər.

2-ci səviyyə. Şagirdlər tanış olan məzmunda mümkün şərhlərin verilməsində və ya sadə tədqiqata əsaslanan nəticələrin çıxarılmasında kifayət qədər biliklərə malikdirlər, düşünməyi bacarır və problemin həllində müəyyən müzakirələr yürüdürlər.

3-cü səviyyə. Şagirdlər verilmiş elmi suala əsasən hadisələri izah etmək üçün biliklərindən və faktlardan istifadə edə bilir, sadə model və strategiyaları tətbiq edə bilirlər, elmi biliklərə əsaslanan qərarlar verməyi və qısa fikirlər söyləməyi bacarırlar.

4-cü səviyyə. Şagirdlər elmin və texnologiyanın vasitəsilə nəticə çıxarmağı tələb edən suallarla effektli şəkildə işləyə bilir, müxtəlif elmə aid bilikləri tətbiq etməyi, bildiklərini həyatdakı situasiyalarla əlaqələndirməyi, elmi bilik və dəlillərdən istifadə edərək qərar verməyi bacarırlar.

5-ci səviyyə. Şagirdlər həyatda rastlaşdıqları məsələlərin əksəriyyətinin elmi komponentlərini müəyyənləşdirməyi, müqayisə etməyi, seçməyi, elmi faktları dəyərləndirməyi, təbiət elmləri üzrə biliklərini situasiyaya uyğun tətbiq etməyi bacarır, dəlil və təhlillərə əsaslanan fikirlərinin izahını verə bilirlər.

6-cı səviyyə. Şagirdlər təbiət elmləri üzrə biliklərini dərk etməyi, izah etməyi və tətbiq etməyi, müxtəlif informasiya mənbələrini və onların şərhlərini əlaqələndirməyi, əldə etdikləri qərarlarını əsaslandırmaq üçün dəlillərdən istifadə etməyi bacarır, öz elmi fikir və düşüncələrini aydın şəkildə və qətiyyətlə nümayiş etdirir, onlara tanış olmayan situasiyalarda problemin həllini tapmaqdan ötrü elmi bacarıqlarından istifadə edirlər.

Riyaziyyat

1-ci səviyyə. Şagirdlər aydın və lazımi informasiyanın verildiyi tanış məzmunlu, sadə və köməyi verilmiş sualları cavablandırır, informasiyanı başa düşür, sual kitabçasındakı təlimata əsaslanaraq adi prosedurları yerinə yetirə bilirlər.

2-ci səviyyə. Şagirdlər birbaşa nəticə çıxarmağı tələb edən misal və məsələləri yerinə yetirir, mənbədən uyğun gələn məlumatı əldə edir, məsələnin həlli üçün bir üsuldan, əsas alqoritmlərdən, formul və üsullardan istifadə etməyi, adi nəticənin əldə olunmasını bacarırlar.

3-cü səviyyə. Şagirdlər həlli ardıcıllığı tələb edilməklə aydın təsvir olunmuş prosedurları yerinə yetirməyi, sadə problemin həlli strategiyalarını seçərək tətbiqetməni, müxtəlif məlumat mənbələrinə əsaslanmış nümunələrdən istifadə etməyi və onların üzərində işləməyi bacarır, şərh, düşüncə və nəticələrini ifadə edən fikir yürüdə bilirlər.

4-cü səviyyə. Şagirdlər mürəkkəb situasiyalarda müəyyən nümunələrlə səmərəli şəkildə işləyə bilir, əlaqələndirməni, çox fikirləşmədən belə biliklərindən yaxşı istifadə etməyi və cəld mühakimə yürütməyi, dəlillərə, şərhlərə əsaslanaraq öz izahlarını və fikirlərini söyləməyi bacarırlar.

5-ci səviyyə. Şagirdlər mürəkkəb situasiyalarda müəyyən modellərlə işləməyi, müqayisə etməyi və dəyərləndirməyi, öz geniş bilik dairələrindən, qabliyyətlərindən istifadə etməyi, düşünməyi, fikir yürütməyi, fikirlərini əsaslı şəkildə izah etməyi, mürəkkəb problemin həlli strategiyalarını seçməyi bacarırlar.

6-cı səviyyə. Şagirdlər mürəkkəb riyazi məsələlərin həllində öz biliklərinə və tədqiqatlarına əsaslanaraq məlumatı dərk edir, nəticə çıxarmağı, müxtəlif məlumat mənbələrini və nümunələri əlaqələndirməyi və asanlıqla izahını verməyi bacarır. Bu səviyyənin tələblərinə cavab verən şagirdlər riyazi biliyə, dərin düşüncəyə və qabiliyyətə malik olurlar. Bu şagirdlər öz düşüncə və qabiliyyətlərini riyazi məsələlərin həllində tətbiq edir, biliklərini daha yeni yanaşma və strategiyalarla nümayiş etdirir, əldə etdikləri nəticələri əsaslandırmağı, dəlillərlə izahını verməyi bacarırlar.

Qaynaq:  www.edu.gov.az

Oxunma sayı: 5324

1 şərh var: “Qiymətləndirmə səviyyələri”

  • Bəhruz:

    Bu səviyyələrlə tam razıyam, Almaz xanım, amma müəllimlər bu səviyyələri uşaqlara aşılayacaq səviyyədə deyillər. Ən çoxu da İKT ilə bağlı

Şərh yazın

Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters