Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button
Get Adobe Flash player

Azərbaycan müəllimi qəzeti: “Kurikulum uğurlarımızın açarıdır”

Almaz Həsrət
təlim zamanı

Yeni təlim üsulları zamanın tələbidir. Bu ifadə artıq sinif otağına daxil olan hər müəllimi düşündürür. Bu günün müəllimi sinifdə canlanma yaratmaq, şagirdlərdə təlim marağını gücləndirmək üçün daim axtarışdadır. Çünki hər dərs bir tarixdir. Və bu dərslər yaxşı mənada şagirdlərin həyatında öz izini qoymaqla, onların təlim-tərbiyəsinə, dünyagörüşünə töhfəsini verir.

İncəsənət Gimnaziyasında treninq

Elə iştirakçısı olduğumuz kurikulum kurslarına toplaşan müəllimləri də bu amal birləşdirir. İncəsənət gimnaziyasında təşkil olunmuş təlim kurslarının məqsədi müəllimləri yeni təlim üsulları və onların tətbiqi, müasir dərsin təşkilinə verilən tələblərlə yaxından tanış etmək idi. Kurslara 40-a yaxın müəllim cəlb olunmuşdu. Təlimlər Kurikulum Mərkəzinin təcrübəli təlimçiləri tərəfindən aparılırdı. Kursun 4-cü günü müəllimlərin təlimlərə marağını, eyni zamanda kurikulumların tətbiqinə münasibətlərini öyrənmək məqsədilə İncəsənət Gimnaziyasına yollandıq. İşgüzar səs-küyü ilə diqqətimizi çəkən sinif otaqlarından birinə yaxınlaşıb təlimdə iştirak etmək istəyimizi Təhsil Nazirliyi LƏQ (layihə əlaqələndirmə qrupu) məsləhətçisi, əməkdar müəllim, təlimçi Almaz Həsrətə bildirdik. Beləliklə, təlim keçən müəllimlərə qoşulub, diqqətlə dərsin gedişini izlədik.

Sinif qruplara bölünmüşdü, müəllimlər onlara verilmiş tapşırığı yerinə yetirirdilər. Qrupların təqdimatından sonra müzakirələr oldu. Bir-birindən maraqlı təkliflər əsasında qurulan dərslər, həmçinin rəngarəng motivasiyalar sözün həqiqi mənasında geniş diskussiya yaradırdı. Hiss olunurdu ki, bu kurs “zəiflər”in deyil, “güclü”lərin bir araya gəlməsidir. Onlar sadəcə öyrəndiklərini sistemləşdirmək və nəyi “səhv”, nəyi “düz” etdiklərini öyrənmək üçün buraya toplaşmışlar.

A.Hasret treninqi keçərkən

Fürsətdən istifadə edib dinləyicilərdən bir neçəsi ilə həmsöhbət olduq. Həmsöhbətimiz gimnaziyanın biologiya müəllimi Sevinc Tahirova əvvəlcə kursların hansı zərurətdən təşkil olunması və təhsil ocağı haqqında məlumat verdi. O bildirdi ki, İncəsənət Gimnaziyası 1992-ci ildə yaradılıb, burada 1010 şagird təhsil alır və onların tərbiyəsi ilə 500-ə yaxın müəllim məşğul olur. Gimnaziyanı digər məktəblərdən fərqləndirən xüsusiyyətlərdən biri də burada təhsil alan şagirdlərə müəllimlərin fərdi yanaşmasıdır. Belə ki, gimnaziyada təhsil alan şagirdlər həm ümumtəhsil, həm də ixtisas fənlərini öyrənirlər. Elə buna görə də burada hər şagirdə iki, bəzən də bir müəllim düşür. Başqa sözlə desək, burada bir şagirdə musiqini, nəzəriyyəni, harmoniyanı və başqa fənləri ayrı-ayrı müəllimlər tədris edir. Təhsil ocağında kursların təşkilinə gəlincə, Sevinc xanım nəzərimizə çatdırdı ki, bu, məktəb rəhbərliyinin təşəbbüsü ilə həyata keçirilir. Kurslara ilk dəfə məktəb “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinə qatılarkən start verildi. Bütün müəllimlər qarşısına məqsəd qoydu, beləliklə də onlar ilk olaraq “İntel” kurslarından keçdilər.

Söhbətimizə qoşulan 240 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Pəri Qasımova pedaqoji fəaliyyətindən söhbət açdı. O qeyd etdi ki, artıq 2004-cü ildən etibarən dərslərini fəal təlimlə qurmağa səy göstərir.

- Fəal təlimi sinifdə tətbiq etdiyim zaman dərsim həmkarlarımda maraq doğururdu. Lakin zaman keçdikcə tədris prosesində fərdi, qrup, cütlərlə işləməklə müasir dərs hazırlamaq, yeni təlim üsullarından istifadə günün tələbinə çevrildi. Mənim kimi digər müəllim yoldaşlarım da ənənəvi təlimlə fəal dərsin fərqini yaxşı dərk etməyə başladılar. İndi şagirdlərimiz daha aktivdir, onlar yaradıcı axtarışa cəlb olunmuşlar. Müasir dərslər şagirdlərin tədqiqatçılıq qabiliyyətini artırır. Dərs dediyim şagirdlər yuxarı siniflərə qalxdıqca, onların dünyagörüşü genişlənir. Artıq uşaqlar aşağı siniflərdə müstəqil işləmə vərdişini öyrəndikləri üçün çətinlik çəkmirlər. Müəllimlər də onların yaradıcı işlərinin qarşısında təəccüblərini gizlətmirlər. Şagirdlərin mövzu ilə bağlı tədqiqata cəlb olunması maraqla qarşılanır. Dərsin məlumat mübadiləsi hissəsində toplanmış informasiyalar müzakirə olunur. Bir şagirdin tədqiqatının nəticəsini bütün sinif dinləyir. Nəticədə digər şagirdlər də geniş, ətraflı məlumat əldə etmiş olurlar. Beləliklə, hamı bir-birindən öyrənir. Dərslərə əvvəlcədən hazırlaşırıq. Tapşırıqlarımız isə şagirdlərin məntiqi təfəkkürünün inkişafına yönəlir.

Məktəbin tarix müəllimi Nailə Məmmədova isə kursun təşkilindən razı qaldığını gizlətmədi.

- Kurslara ilk dəfə gələndə çətinlik çəkirdim. Rus bölməsində işləməyim məndə bir qədər qorxu hissi yaradırdı. Artıq 4-cü gündür ki, kurslara gəlirəm. Təlimçi Almaz müəllimin köməyi ilə fənn kurikulumları haqqında kifayət qədər məlumat toplamışam. Bütün bunlar təlimçinin bizi sadə dillə başa salmasından irəli gəlir. Mən müasir təlim üsullarının köməyi ilə qurulan dərsləri dəstəkləyirəm. Fəal təlim dərsi daha maraqlı edir, şagirdlərin aktivliyi və problemin həllinə çalışması sinifdə canlanma yaradır. Artıq mən inanıram ki, təlimi başa vurduqdan sonra hər dərsimi yaddaqalan etməkdə çətinliklə qarşılaşmayacam.

İngilis dili müəllimi Natəvan Əsədovanın da müasir təlimlə bağlı fikirləri maraqlı oldu. O bildirdi ki, ingilis dili dərslərində interaktiv təlim üsullarından istifadə şagirdlər tərəfindən dərsin mənimsənilməsində müsbət təsirini göstərir. Biz dərsin maraqlı təşkili üçün rollu oyunlardan istifadə edir, qruplarla işə üstünlük veririk.

Gimnaziyanın ibtidai sinif müəllimi Kəmalə Mədətova da kurikulumun üstünlüklərindən danışdı.

- Əvvəllər dərsi izah edirdik, lakin şagirddən qaneedici cavab ala bilmirdik. Əzbərlənmiş mövzu uzun müddət yaddaşda qalmırdı. Şagirdlərin fəallığı yox idi. Ancaq indi şagirdlər öndə, müəllim isə onların ardınca bələdçi olaraq hərəkət edir. Müəllim istiqamət verir, bəzən də özü şagirdlərdən öyrənir. Fəal təlim zamanı şagird öz sinif yoldaşının vasitəsilə məlumatlanır.

Təlimçi Təranə Əliyeva özü də məktəbin ibtidai sinif müəllimidir. O, ilk öncə məktəbdəki müəllimlərin yeniliyə can atmasından danışdı. Təranə müəllim nəzərimizə çatdırdı ki, müəllimlər öz təşəbbüsləri, arzuları ilə kursa qatılmışlar:

- Məktəb incəsənətyönümlü olduğundan burada dərslər fərdi qaydada aparılır. Lakin buna baxmayaraq, müəllimlər dövlətin təhsil siyasətini, o cümlədən islahat proqramını dəstəkləyirlər.

Söhbətimizə qoşulan gimnaziyanın rəssamlıq şöbəsinin müəllimi Kəmalə Kərimova da kurikulum, yeni təlim üsulları ilə bağlı fikirlərini söylədi.

- Mən çox təlimlərdə olmuşam. Bu kursun özəlliyi ondadır ki, o, fənn kurikulumlarının tətbiqi ilə bağlıdır. Fənn kurikulumları bütün sinif, qrup üçün nəzərdə tutulmuşdur. Biz isə dərslərimizi fərdi qaydada keçirik. Məhz buna görə də biz öyrəndiklərimizi fərdiləşdirməyi bacarmalıyıq. Mən əvvəllər individual insan kimi təlimlərə qatılırdım. İndi isə əməkdaşlıq edirəm, fikirlərimi bölüşürəm. Bu mənim üçün yenilikdir. Bir müəllim kimi qrupdakı yoldaşlarım tərəfindən dəstəkləndiyimi hiss edirəm. Həmçinin özüm də kimi isə dəstəkləyirəm. Kursda yeni terminlərlə tanış olmuşam. Hər dərsdən sonra evdə məşğul olarkən ilk öncə çalışıram ki, o terminlərin mənasını özümə açıqlayım. Kursda, həmçinin xırda bir prosesi mərhələlərə bölməyi öyrənmişəm.

“Ən yaxşı müəllim” müsabiqəsinin qalibi”, məktəbin fizika müəllimi Rəna Ağazadə Kəmalə xanımın fikirlərinə öz əlavələrini etdi. – Mən bu kursları artıq dinləmişəm. Buna baxmayaraq, yenidən qatılmağı məqsədəuyğun saydım. Fizikanın tədrisinə 7-ci sinifdən başladığımızdan mən hələ fənn kurikulumları əsasında dərsimi qurmuram. Kurikulumlarda verilmiş standartların reallaşdırılması zamanı əyaniliyə daha çox yer verildiyindən yeni təlim üsulları şagirdlərdə elm öyrənməyə maraq yaradır. Şagirdlərin tədqiqata yönəldilməsi və öyrənmək üçün vasitələr axtarması müsbət haldır. Onların müstəqil işləməsi, əməkdaşlığı, təqdimatlar hazırlaması bəzən biz müəllimləri fərəhləndirir.

Məktəbin musiqi müəllimi Validə Cəlilova da kurikulumlar haqqında müsbət fikirdə olan müəllimlərdəndir.

- Mən “xor”dan əlavə, nəğmə dərsini deyirəm. Qruplarla da işləyirəm, fərdi də məşğul oluram. Ənənəvi təlimdə şagird qorxa-qorxa bəzən – “olar, mən deyim” deyirdi, bildiyini çəkinə-çəkinə söyləyirdi. Təhsil müəllimyönümlü idi. Müasir təhsil sistemində isə şagirdə subyekt kimi baxılır və o, liderdir. Kurikulumda heç bir çətinlik yoxdur. Nəğmə dərsinin motivasiyasını düşünək. Məsəl üçün, Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsini tədris etməliyəm. Bunun motivasiyası necə olacaqdır? Melodiya kompüterdə səsləndirilir. Təsvir göstərilir. Şagirdlərə müraciətlə soruşuram. Uşaqlar, burada dəvələr var. Dəvələr sizə nəyi xatırladır? Şagirdlər səhraları gördüyünü söyləyir. Daha sonra müxtəlif yönəldici suallar verirəm. Beləliklə də şagirdlər söhbətin “Karvan” simfonik lövhəsindən getdiyini anlayırlar. Axtarış edirlər, evdə Soltan Hacıbəyovun başqa əsərlərini də tapıb oxuyurlar. Bir qədər əlavə məlumat toplayırlar.

Müəllimlərlə söhbətləşdikdən sonra gimnaziyanın direktoru Maya Şabanbəyova ilə görüşdük. O, gimnaziyada təşkil olunmuş kurslar və bütövlükdə gimnaziyanın uğurlarından qısaca söhbət açdı.

Maya xanım bildirdi ki, gimnaziya xüsusiləşdirilmiş təhsil müəssisəsidir. Lakin buna baxmayaraq, burada kurikulumun tətbiqinə ciddi nəzarət olunur. Müəllimlərin hamısı bu kurslara cəlb olunmuşdur. Direktor hesab edir ki, heç bir müəllim islahatdan kənarda qalmamalıdır.

- Mən özüm də bu kursları dinləmişəm. Hazırda məktəbin bütün müəllimləri kursa cəlb olunmuşdur. Müəllim özünütəhsillə məşğul olmalıdır. İndi bütün fənlərin tədrisində yeni texnologiyalardan istifadə etmək lazımdır. Şagirdlər müstəqil işləməyi öyrənməlidirlər.

Direktorla söhbətimiz zamanı gimnaziyanın beynəlxalq əlaqələrinin geniş olduğunu, şagirdlərinin ölkəmizi möhtəşəm festivallarda təmsil etdiklərini də öyrəndik. Növbəti nömrələrimizdə gimnaziyanın beynəlxalq əlaqələri haqqında daha ətraflı söhbət açılacaqdır. Hələliksə, biz təhsilimizin sabahı, gələcəyi naminə yorulmadan çalışan müəllimlərə uğurlar arzulayırıq.

Dilşad XAQANİQIZI,

Elmir BƏYƏLİYEV

Qaynaq:  http://www.muallim.edu.az/arxiv/2013/09/27.htm

Oxunma sayı: 1866

Şərh yazın

Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
MDB alimləri
Vikipediya
Vikipediyada səhifə
Centersot
www.centersot.org
Pedsovet.org
Всероссийский интернет-педсовет-2010
Участник Всероссийского интернет-педсовета-2010
Video dərslər
Sayğac










free counters