Rss Feed Tweeter button Facebook button Technorati button Reddit button Myspace button Linkedin button Webonews button Delicious button Digg button Stumbleupon button Newsvine button Youtube button

Həftə.az-a açıqlamam: “Bu gündən “Sabahın alimləri” müsabiqəsi başlayır”

Almaz Həsrət

Ekspertlərin fikrincə, bu kimi müsabiqələr elm yolunda irəliləmək istəyən şagirdlər üçün böyük stimul sayıla bilər.  Fevralın 15-dən etibarən “Sabahın alimləri “VI Respublika müsabiqəsinə start verilir. Qeyd edək ki, Təhsil Nazirliyinin və tərəfdaşlarının təşkilatçılığı ilə keçirilən müsabiqə ildən-ilə təkmilləşdirilir. Bu isə tədqiqatlarla məşğul olmaq istəyən şagirdlərin sayını artırır. Azərbaycanda 2012-ci ildən etibarən keçirilən “Sabahın alimləri” müsabiqəsində indiyədək 730 şagird iştirak edib.  Bu il “Sabahın alimləri” müsabiqəsində ölkəmizin 13 şəhər və rayonunda yerləşən ümumtəhsil məktəblərində təhsil alan 202 şagird 125 elmi layihə, o cümlədən 48 fərdi və 77 kollektiv layihə ilə iştirak edir. 6-cı dəfə keçiriləcək müsabiqədə təkcə artan iştirakçıların sayı deyil, həm də təqdim edilən layihələrin daha innovativ olması diqqət çəkir. Belə ki, məktəblilər ildən ilə daha geniş tədqiqatlar aparmağa, yeni informasiya texnologiyalarından istifadə etməyə nail olublar. Təbii ki, həyəcanlı, gərgin mübarizə və ədalətli rəqabət şəraitində keçən yarışda daha innovativ layihə müəllifi qalib gəlir. Münsiflər heyəti tərəfindən seçilmiş 3 layihənin müəllifləri cari ilin may ayında ABŞ-da keçiriləcək InteI ISEF-də iştirak etmək imkanı qazanırlar. İndiyədək müsabiqənin qalibləri sırasından 30 şagird İntel İSEF-də iştirak etmək hüququ qazanıb. Bu, beynəlxalq müsabiqə yalnız gənc alimlərin müəyyən edilməsinə və dəstəklənməsinə deyil, həmçinin tətbiqi və fundamental elmlər, habelə, texniki yaradıcılıq sahəsində tədqiqatların inkişaf etdirilməsinə yönəlib.

Yeri gəlmişkən, dünyada yuxarı sinif şagirdlərinin elmi yaradıcılığına həsr olunan ən iri müsabiqədə məktəblilərimiz də uğura imza atıb. Məsələn, 2016-cı ildə ilk dəfə olaraq Azərbaycan şagirdləri InteI ISEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisinin əsas mükafatlardan birinə və bir xüsusi mükafata layiq görüldülər. ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçirilən müsabiqəyə 77 ölkədən 1760 iştirakçı qatılıb. Sərgidə münsiflərin seçimi ilə fizika, materialşünaslıq kateqoriyası üzrə Nərmin Aydarova və Arzu Məmmədova IV yeri tutublar. Digər təmsilçilərimiz Nigar və Mədət Sərdarlılar isə Qətərin Elm və İşlətmələr Fondunun xüsusi mükafatına layiq görülüblər.

Məlumat üçün onu da qeyd edək ki, “Sabahın alimləri”müsabiqəsi hər il ABŞ-da keçirilən InteI ISEF – Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisinə milli seçim turudur. Dünyaca nüfuzlu yarışa qatılmaq həvəsində olan şagirdlər həm də həmyaşıdları ilə birlikdə beynəlxalq tələblərə uyğun tədqiqat aparmağı, elmi layihə hazırlamağı və onu təqdim etməyi öyrənirlər. Dünyada yuxarı sinif şagirdlərinin elm və texnika sahəsində yaradıcılıq potensialının aşkar edilməsini və yüksəlməsini təmin edən ən iri müsabiqə Intel ISEF (Intel International Science and Engineering Fair) – Beynəlxalq Elm və Mühəndislik Sərgisidir. İldə bir dəfə ABŞ-da keçirilən bu sərgi şagird elmi-tədqiqat layihələrinin müsabiqəsidir. Intel ISEF-in ABŞ-da keçirilən final mərhələsinə hər il dünyanın müxtəlif ölkələrində təşkil olunan 550-dən artıq müsabiqənin qalibləri qatılır.

Hazırda “Sabahın alimləri” ümumtəhsil məktəbləri ilə universitetlər, elmi təşkilatlar arasında tərəfdaşlıq əlaqələrinin yaranmasında müstəsna rol oynayır. Belə ki, müsabiqəyə Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Sumqayıt Dövlət Universiteti tərəfindən elmi dəstək verilir. Məktəblilər ali təhsil müəssisələrinin və elmi tədqiqat institutlarının laboratoriyalarında tədqiqat aparmaq, alimlərlə ünsiyyətdə olmaq imkanı əldə etməklə yanaşı ilə yanaşı komanda şəkilində də işləməyi öyrədir.

Məsələn, ötən il “Sabahın alimləri” müsabiqəsində uğurla iştirak edən Nigar Sərdarlı hazırda Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsində birinci kurs tələbəsidir. Müsabiqəyə qardaşı ilə birlikdə qatılan Nigar iki dəfə Azərbaycanı ABŞ-da uğurla təmsil edib: “Son 2 il ərzində iştirak etdiyimiz müsabiqələrdə biz Azərbaycan elmini ən yüksək səviyyədə təmsil etməyə çalışdıq. Biz müsabiqədə mükafat qazanmaqla yanaşı, dünyanın ən görkəmli alimləri ilə ünsiyyət qurmaq imkanı qazandıq, apardığımız tədqiqatları müzakirə etdik”.

ADA Universitetində İnformasiya Texnologiyaları fakültəsinin birinci kursunda təhsil alan Nərmin Aydarova “Sabahın alimləri” müsabiqəsinin onun üçün təcrübə olmaqla yanaşı, ali təhsil arzusunu da əlçatan etdiyini deyib: “Yeni dostlar qazandım, çoxlu bilgilər əldə etdim. Nobel mükafatı laureatları ilə apardığımız fikir mübadiləsi mənim dünyaya baxışımı dəyişdi. Burada qazandığım təcrübə və yaşadığım hiss mənim ali təhsil həyatıma mühüm təsir etdi.
Şirvan şəhər 1 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Cəlal Əliyev isə bu il iştirak edəcək: “Olduqca maraqlı bir layihə ilə qatılacağam. Hesab edirəm ki, münsiflər heyəti maraqla qarşılayacaq.

Yeri gəlmişkən, bu müsabiqə riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Bu il müsabiqəyə yeni elmi ideyası və eksperimenti, mühəndis layihəsinin texniki təsviri, innovativ kompüter proqramının təsviri olan layihələr qəbul edilib.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən respublikanın əməkdar müəllimi Almaz Həsrət də hesab edir ki, bu cür müsabiqələr istedadlı şagirdlərin üzə çıxması üçün geniş imkanlar açır: ““Sabahın alimləri” elmə olan marağın artmasına səbəb olur. Ümumiyyətlə, bu gün Azərbaycan təhsilinin dünyaya inteqrasiyası artıq demək olar ki, bütün elm sahələrini əhatə edir. Biologiya, kimya, fizika və digər elm sahələrinin nəzəri və praktik tərəfləri tədqiqatçılarımız tərəfindən araşdırılaraq maraqlı nəticələri əldə etmək üçün qonşu və uzaq xarici ölkələrdəki aidiyyatı qurumlarla iş birliyinin yaradılmasına gətirib çıxarır. Nəticədə inteqrativ elmi biliklər formalaşır və uyğun vəsaitlər hazırlanır, məqalələr yazılır. Elm adamları illərin təcrübəsindən keçmiş alimlərin zehni potensialından istifadə edərək yeni fikirlərlə zənginləşdirirlər. Sonda bu, Azərbaycan alimlərinin dünyaya inteqrasiyasının uğurlu işlərinin göstəricisinə çevrilir. Hazırda bu sahədə çox işlər görülür və görülməkdədir. Bir sıra səmərəli addımlar atılır. Gənc alimlərin dünyaya çıxması üçün hər cür uyğun şəraitin yaradılması üçün dövlət tərəfindən yeni strategiyalar və planlar hazırlanır. Alimlərimiz hansı xarici ölkəyə getmək istəyirlərsə, hansı xarici ölkədən alimlə ünsiyyət qurub onunla əməkdaşlıq etmək istəyirsə, bunun üçün demokratik ölkəmizdə heç bir maneə yoxdur, ola da bilməz. Çünki bütün bu imkanların əldə olunması üçün daim yeni-yeni müasir düşüncəli fikirlərin paylaşılması üçün elmi təqdiqat institutlarında elm adamları ilə əlaqələr mütəmadi olaraq yaradılır və görüləcək elmi işlərin məzmunu müasir – beynəlxalq standartlara uyğun kontentlə genişlənərək zənginləşir. Bundan başqa gənc alimlərin beynəlxalq əlaqələrinin genişləndirilməsi üçün də çox geniş və əhatəli imkanlar yaradılır. Bu seçimdə təbii ki, ölkəmizdə gənc alimlər sərbəstdirlər. Onlar öz profil və ixtisaslarına uyğun beynəlxalq ali təhsil müəssisələri ilə əlaqələrini genişləndirirlər. Uyğun məzmunlu beynəlxalq konfranslarda, seminarlarda və digər mötəbər tədbirlərdə iştirak edə bilirlər. Bunun nəticəsidir ki, son elmi tədqiqat işləri daha maraqlı mövzuları əhatə etməklə yanaşı, həm də daha əhatəli və daha xarici mənbələrə istinadlardan ibarət olur. “Sabahın alimləri” kimi müsabiqələr də elm yolunda irəliləmək istəyən şagirdlər üçün böyük stimul sayıla bilər.Çünki bu müsabiqədə hər bir məktəbli bilik və bacarığını göstərə bilir”.

Sevinc

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.

Mənbə: http://hafta.az/index2.php?m=yazi&id=195081

Oxunma sayı: 242

Şərh yazın

Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Sizi xoş gördük, uşaqlar!
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters