Kaspi qəzetinə açıqlamam: Qəbul qaydalarında ediləcək dəyişikliklər

Almaz Həsrət

Ekspertlər də, valideynlər də, şagirdlər də razıdır

Həyatımız demək olar ki, doğulandan ölənə qədər imtahanlarla keçir. Hər yaş dövrünün öz imtahanı olur. Amma qəbul imtahanın yeri tamam başqadır. Çünki bu imtahanın nəticələri yeni həyata başlanğıc kimi qəbul edilir. Son dövrlər təhsilə olan qayğının nəticəsində təhsil sistemində bir sıra dəyişikliklər edilir.

Belə ki, Dövlət İmtahan Mərkəzində Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, DİM-in digər məsul işçiləri ilə təhsil nazirinin müavini Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.  Görüşdə 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelinin yekun müzakirəsi keçirilib və ümumi razılıq əldə edilib.

Hər iki qurumun iştirakı ilə tərtib olunmuş yeni modelin hazırlanma zərurəti barədə aparılan müzakirələr zamanı qeyd olunub ki, 2009-cu ildən başlayaraq respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulum) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir, tədris prosesində yeni qiymətləndirmə vasitələri tətbiq olunur. Bunları nəzərə alaraq, 2017-ci ildə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi imtahanı da yeni qaydalar əsasında keçirilib. 2019-cu ildən isə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında yeni təhsil standartları əsasında tərtib olunmuş qiymətləndirmə vasitələrindən istifadə olunacaq.

Yeni modelə əsasən, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları indiyədək olduğu kimi – 3 fənn üzrə keçiriləcək, ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə qəbul imtahanlarında imtahan fənlərinin sayı 5-dən 3-ə endiriləcək və buraxılış imtahanlarının nəticələri ali təhsil müəssisələrinə qəbul zamanı nəzərə alınacaq.

Yəni abituriyentlər buraxılış və qəbul imtahanlarının birgə nəticəsinə əsasən, ali təhsil müəssisələrinin müsabiqəsində iştirak edəcəklər. Yeni qəbul modelində hazırda olduğu kimi, ali təhsil müəssisələrinin qabiliyyət tələb edən ixtisaslarına və orta ixtisas təhsili müəssisələrinə müsabiqə buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq. Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 2 il sonra buraxılış və qəbul imtahanlarında iştirak edəcək şagirdlərə və abituriyentlərə kömək məqsədilə cari tədris ilindən başlayaraq yeni model əsasında sınaq imtahanları, ingilis dili fənni üzrə monitorinq imtahanları keçiriləcək, müvafiq metodiki vəsaitlər nəşr olunacaq və abituriyentlərin həm buraxılış, həm də qəbul imtahanlarına daha da yaxşı hazırlaşması təmin olunacaq.

Edilən dəyişikliyin hansı nəticəni verəcəyini, bunun şagirdlər, valideynlər, müəllimlər tərəfindən necə qarşılanacağını öyrənməyə çalışdıq.

Daha yaxşı ixtisaslaşmış olacaq

Təhsil üzrə ekspert Almaz Həsrət də deyir ki, edilən dəyişiklərdən müsbət nəticələr gözlənilir: “Buraxılış imtahanlarında şagirdlər 3 fəndən imtahan verəcəksə, bu fənlər içərisində “Azərbaycan dili və ədəbiyyat” və “Azərbaycan tarixi”nin olması təqdirəlayiqdir. Mən bu fənləri ona görə xüsusi olaraq vurğuladım ki, məktəbi bitirmiş hər bir şagird orta səviyyədən bir az çox bilməlidir. Qəbul imtahanında qrupun istiqamətlə əvəzlənməsi və bu dörd istiqamətin hər birində üç fəndən imtahanın verilməsi alqışalayiq bir haldır. Çünki həm şagirdləri yormayacaq, həm də məzun gedəcəyi istiqamət üzrə daha yaxşı ixtisaslaşmış olacaq. Həmin üç fənnin öyrənilməsinə daha çox diqqət ayıracaq və öz sahəsinin mütəxəssisi olacaq. Bir məsələni də qeyd etmək istəyirəm ki, yaxşı olardı, istiqamətlər üzrə universitetlərin də bölgüsü aparılsın. Humanitar sahə üzrə qəbul imtahanı verən abituriyentin topladığı bala uyğun olaraq, hansı universitetdə təhsil alacağı göstərilsin. Hesab edirəm ki, istiqamətlərin və universitetlərin seçilməsini optimallaşdırmaq üçün paytaxtdan kənar bölgələrdə maarifləndirmə işi aparılsın”.

Məsələnin valideynlər, şagirdlər üçün də vacibliyini nəzərə alaraq onların da fikrini öyrəndik.

Günel Azadə

Mənbə: http://www.kaspi.az/az/qebul-qaydalarinda-edilecek-deyisiklikler/

Oxunma sayı: 62

Şərh yazın

Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters