Şərq qəzetinə açıqlamam

Almaz Həsrət

ONLAR ƏZBƏRÇİ OLMADIQLARI ÜÇÜN SUALLARI CAVABLANDIRA BİLMƏYİBLƏR.
“İnandırım sizi ki, 0-100 bal arası nəticə yığan uşaqlarla söhbət aparılsa, onların içərisində səlist nitqə, geniş dünyagörüşünə sahib olan o qədər abituriyent tapmaq olar ki”

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu il 0-100 bal arası nəticə göstərən abituriyentlərin sayında xeyli artım müşahidə olunduğunu deyib. Onun sözlərinə görə, ötən il 0-100 bal arası nəticə göstərənlərin sayı 11 030, bu il isə 11 999 nəfər olub.

Mütəxəssislər isə hesab edir ki, ali məktəbə qəbul imtahanlarında abituriyentlərin böyük bir qisminin zəif nəticə göstərməsi təhsildə keyfiyyətin aşağı düşməsi ilə yox, test suallarının qəliz olması ilə əlaqədardır.

Təhsil sahəsində aparılan islahatların müsbət nəticəsinin bir neçə ildən sonra özünü göstərəcəyini deyən Əməkdar müəllim, təhsil eksperti Almaz Həsrət hesab edir ki, bu gün zəif nəticə göstərən abituriyentlərin sayının artması ötən illərdən yığılıb qalan problemlərin nəticəsidir. A.Həsrətin sözlərinə görə, beynəlxalq təcrübədə özünü doğrultmayan qaydaları Azərbaycanda tətbiq etmək müəyyən mənada keçirilən tədbirlərin keyfiyyətinə təsir edir:

“Digər tərəfdən də təcrübəli kadr çatışmazlığı istər-istəməz axsaqlıq yaradır. Təhsil sahəsində həyata keçirilən istənilən islahatların tətbiqinə məlumatlı və bazası olan peşəkarlar cəlb olunmalı, onların potensialından istifadə olunmalıdır”.

Konkret olaraq, 12 min abituriyentin zəif nəticə göstərməsinə gəldikdə isə A.Həsrət deyib ki, bu, həmin şagirdlərin bilik potensialının olmaması ilə bağlı deyil. Deməli, həmin abituriyentlərin bilikləri düzgün qiymətləndirilməyib:

“Əsrlər, illər əvvəl kəşf olunan əşyalar, baş verən hadisələri bilmək təhsil meyarı olmamalıdır. Xarici ölkələrdə şagirdlərə ünvanlanan suallar daha çox müasir bilgiləri əhatə edir. Test sualları arasında abituriyentləri çaşdırmaq üçün salınan dolaşıq suallar da az deyil. Abituriyentlərin savadı hansısa bir nöqtənin, vergülün yerini düzgün müəyyənləşdirməklə ölçülməməlidir.

Abituriyentin səviyyəsini öyrənmək üçün tapmaca xarakterli, çaşdırıcı suallara da ehtiyac yoxdur. Biz onların bilik bazalarını yoxlamalı, dünyagörüş səviyyələrini test etməliyik ki, Azərbaycanda təhsil alan şagirdlər beynəlxalq prinsiplərlə ayaqlaşa bilsin. İnandırım sizi ki, 0-100 bal arası nəticə yığan uşaqlarla söhbət aparılsa, onların içərisində səlist nitqə, geniş dünyagörüşünə sahib olan o qədər abituriyent tapmaq olar ki. Sadəcə onlar əzbərçi olmadıqları üçün bəlli bir çərçivədə hazırlanan test suallarını cavablandıra bilməyiblər”.

Şəymən

Mənbə: http://www.sherg.az/site/id-35737/Onlar_%C9%99zb%C9%99r%C3%A7i_olmad%C4%B1qlar%C4%B1_%C3%BC%C3%A7%C3%BCn_#.WeI6Oo-0PDd

Oxunma sayı: 50

Şərh yazın

Almaz Həsrət TV-də
Biologiya müəllimlərinin I qurultayı
Biologiya fənn saytı
Əməkdar müəllim
Ən yaxşı müəllim
Dərslik müəllifi
Çevir
Banner
Arı bal toplayır
Sayğac

free counters